“Rəqəmsal dövrdə gənclər və media savadlılığı” mövzusunda panel sessiyası keçirilib

“Reqemsal dovrde gencler ve media savadliligi” movzusunda panel sessiyasi kecirilib

Konfrans çərçivəsində keçirilən panel sessiyasına moderatorluq edən Medianın İnkişafı Agentliyinin eksperti Pərvanə İbrahimova bildirib ki, Agentliyin fəaliyyət istiqamətində həm də Media Savadlılığının təhsildə tətbiqi məsələləri öz əksini tapmışdır. O, sosial media istifadəçisi olan gəncin saxta xəbərlərin təsirinə düşməməli və istənilən kontentə tənqidi yanaşma sərgiləməli olduğunun, faktı və vizual materialları yoxlayan proqramlardan da məlumatlı olmasının önəmindən danışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov öz çıxışında dezinformasiyanın sürətlə yayılmasının birbaşa gənclər üçün təhlükə mənbəyi hesab edilə biləcəyini qeyd edib, bu halın onların inkişafına, maariflənməsinə, təhlükəsizliyinə təsiri və    onun aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Daha sonra Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədər və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev çıxışında rəqəmsal dövrdə media savadlılığının tədrisdə tətbiqinin aktuallığından, nazirliyin media savadlılığı istiqamətində gördüyü işlər, onun ayrıca fənn olaraq orta məktəb proqramına salınması və ümumiyyətlə, bu sahədə perspektiv layihələr haqqında danışıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bölmə rəisi Murad Balayev isə kiberhücum, kibertəhlükəsizlik terminləri, ümumiyyətlə gənclərin sosial media alətlərindən istifadəsi məsələlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.