“Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib
Konfrans çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moteratorluğu ilə “Müasir informasiya mühitində media təhsili” mövzusunda panel sessiya keçirilib.
Panel sessiyada çıxış edən Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, məktəbdə və məktəbdənkənar hazırlanan və tədris edilən proqramlar, təlimlər, konfranslar, rəqəmsal media bacarıqlarının təkmilləşdirilməsinə və media məlumatlılığının artırılmasına istiqamətlənən tədbirlər gənclərin sosial-mədəni potensialının gücləndirilməsi, eləcə də cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin, həmçinin məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə nəzər saldıqda, media savadlılığının formal təhsil səviyyəsində tədris edilməsinin uşaq, yeniyetmə və gənclərin medianın mənfi təsirlərinə qarşı məlumatlılığının artırılmasında mühüm qoruyucu rol oynadığını görə bilərik.
Çıxışı zamanı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev qeyd edib ki, araşdırmalar göstərir ki, media savadlılığı üzrə göstəriciləri yüksək olan ölkələr tərəfindən media savadlılığının artırılması istiqamətində ən çox istifadə edilən strategiya mövzunun bir çox səviyyələrdə tədris sisteminə daxil edilməsi və bununla bağlı koordinasiyalı tədbirlərin görülməsidir.