“Media Savadlılığı” Konfransı çərçivəsində “Təhsildə Media Savadlılığı” mövzusunda dəyirmi masa keçirilib
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə artıq 3-cüsü təşkil olunan “Media Savadlılığı” Konfransı çərçivəsində “Təhsildə Media Savadlılığı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Qazaxıstan Respublikasının “Mərkəzi Kommunikasiyalar Xidməti” Respublika Dövlət Müəssisəsi, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, ADA Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universitetinin səlahiyyətli nümayəndələri və sahə üzrə ekspertlər iştirak ediblər.
Dəyirmi masaya moderatorluq edən Medianın İnkişaf Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova bildirib ki, media savadlılığını informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurma, axtarış aparma, media mesajlarını təhlil etmə və tənqidi qiymətləndirmə qabiliyyəti kimi müəyyən etmək olar.
İştirakçılar rəqəmsal dövrdə media savadlılığının təhsildə tətbiqinin aktuallığı, onun ayrıca fənn olaraq tədris proqramına daxil olunması və ümumiyyətlə, bu sahədə icra edilə biləcək perspektiv layihələr barədə geniş müzakirələr aparıblar. Qeyd olunub ki, media savadlılığının tədrisi şagird və tələbələrin tənqidi düşünmə bacarıqlarını inkişaf etdirərək onlara rəqəmsal dünyada daha məsuliyyətli istifadəçi olmağa kömək edəcək, onların sosial-mədəni potensialını gücləndirəcək, nəticədə yeniyetmə və gənclərin doğru məlumatı seçmə qabiliyyətlərini artıraraq cəmiyyətin ümumi informasiya təhlükəsizliyinə töhfə verəcək.