Texnologiyanın sürətli inkişafı ilə rəqəmsal transformasiyanın bütün yaradıcı sektorlara şamil edilməsi informasiya cəmiyyəti anlayışının yaranması, eləcə də bir çox digər anlayışların aktuallaşması və ya mahiyyətini dəyişməsinə imkan yaratdı. İnternetin təkamülü ilə mürəkkəb media mühitində gündəmə gələn rəqəmsal savadlılıq rəqəmsal cəmiyyətdə yaşamaq, öyrənmək və işləmək üçün zəruri hesab edilən həm koqnitiv, həm də texniki bacarıqları əhatə edir.
Qlobal informasiya mühitində məlumatların, eyni zamanda dezinformasiyanın sürətli və geniş yayılması, müxtəlif tərəflərlə düzgün kommunikasiya siyasətinin qurulmasını, xüsusən də ənənəvi media subyektlərinin iş prinsiplərinin yenilənməsini və fəaliyyətinin effektivliyinin artırılmasını, informasiya sənayesinin rəqəmsal transformasiyasını labüdləşdirir. Media sahəsində baş verən dəyişikliklər xəbərin hədəf kütləyə daha uğurlu çatdırılması üçün yeni jurnalistika növlərinin daha çox istifadəsinə, yeni trendlərin müxtəlif istiqamətlərdə geniş tətbiqinə zərurət yaradır.
Rəqəmsal media savadlılığı, yəni internet platformaları, sosial media və mobil qurğular kimi rəqəmsal texnologiyalar vasitəsilə yayılan məlumatları tapmaq, qiymətləndirmək, yaratmaq, təhlil etmək və paylaşmaq kimi bacarıqlar müasir medianın tələblərinə uyğunlaşmaq istiqamətində istehlakçıların inkişafına töhfə verir.
Rəqəmsal savadlılıq 4 əsas bacarığa bölünür:
“Deepfake” Texnologiyası
Rəqəmsal medianın əlçatanlığı, sosial media alqoritmləri, axtarış mühərrikləri, SEO texnikaları kimi amillər dezinformasiya və yanlış məlumatların yaradılması və yayımını daha da asanlaşdırır. Həmçinin, dezinformasiyanın audiovizual növü hesab edilən və süni intellekt vasitəsilə hər hansı bir şəkil və ya videoda real bir görüntünün saxta görüntü ilə əvəz edilməsi kimi təsvir olunan “Deepfake” real məzmundan fərqləndirilməsi olduqca çətin məlumatları qlobal auditoriyaya sürətlə yaymaq potensialına malikdir.
“Dərin” (“Deep”) və “saxta” (“fake”) sözlərinin birləşməsindən yaranan “Deepfake” ifadəsi süni intellekt vasitəsilə hər hansı bir şəkil və ya videoda bir insanın görüntüsünün başqa şəxsin görüntüsü ilə əvəz edilməsini bildirir. Bu texnologiya 90-cı illərdə elmi araşdırmalar mərkəzləri tərəfindən yaradılıb və həmin dövrdə əsasən kino sahəsində tədbiq olunub. Hazırda Deepfake texnologiyaları saxta xəbərlərin (“fake news”) hazırlanmasında da istifadə olunur.
Bugünədək bir sıra beynəlxalq texnologiya şirkətləri tərəfindən Deepfake vasitəsilə hazırlanan və orijinal versiyadan çətin fərqləndirilə bilinən saxta videolar ilə mübarizə məqsədilə həmin videoların operativ şəkildə aşkar edilməsi yolları araşıdırılıb. Bu araşdırmaların nəticələrinə əsasən, izlədiyiniz hər hansı bir videoda aşağıda qeyd olunan faktorlar müşahidə olunduğu təqdirdə həmin videonun Deepfake texnologiyaları nəticəsində hazırlanması ehtimalı mövcuddur:
- Danışan şəxsin qeyri-real dəri rəngi və ya dəri tonunda dəyişikliklər;
- Süni bədən hərəkətləri və üz ifadələri;
- Üz ifadələrində emosiya çatışmazlığı;
- Dodaq hərəkəti ilə nitqin zəif sinxronizasiyası;
- Danışan şəxsin görüntüsündə bulanıq hissələrin mövcudluğu;
- İşıqlandırma problemləri və sair.