"Media haqqında" Azərbaycan Respublikasının Qanunu

İlk dəfə olaraq:

• “Media savadlılığı” termininə anlayış verildi

- Maddə 1.1.12. media savadlılığı – kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti.

• Media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin həyata keçirilməsində səlahiyyətli qurum müəyyən edildi

- Maddə 10.1. Media savadlılığının artırılması məqsədilə dövlət tədbirləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) – Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilir.

- Maddə 10.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media savadlılığının artırılması sahəsində beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır.

- Maddə 10.3. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan tədbirlər dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Müvafiq Sərəncamla təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın “5. Fəaliyyət Planın icrası üçün Tədbirlər Planı” hissəsinin 5.4.17-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Elm və Təhsil Nazirliyi “Media savadlılığı” ilə bağlı materialların onlayn vasitələrlə orta təhsil müəssisələrində nümayiş olunmasında icraçı qurumlar olaraq müəyyənləşdirilmişdir.

"Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Müvafiq Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”nin 3.2.16-cı yarımbəndinə əsasən media savadlılığının artırılması məqsədilə tədbirlər həyata keçirmək öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin hüququ olaraq təsbit edildi.