Media savadlılığı ilə bağlı anlayışlar
Ümumi məlumat
Media savadlılığı niyə önəmlidir?
Media savadlılığının təsviri
Test
5 əsas konsepsiya və 5 əsas sual
Mediada istehsalçı və istehlakçılar
Media savadlılığında 5 əsas konsepsiya:
Mediada istehsalçı və istehlakçıya yönəlmiş 5 əsas sual:
Rəqəmsal dövrdə media savadlılığı
Sosial mediada təhlükələr
Etibarlı mənbə axtarışı
Saxta xəbərlərin aşkarlanması üçün alət və texnikalar
Test
Menu
Ümumi məlumat

Müasir dövrdə həm informasiyanın  insanların ictimai şüurunda tutduğu yeri, həm də informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatında olan əhəmiyyətli rolunu nəzərə alaraq, media və informasiya haqqında tənqidi düşünmək üçün lazımi bacarıqları formalaşdırmaq, ölkə üzrə media savadlılığı göstəricilərini yüksək səviyyəyə çatdırmaq, eləcə də, sağlam media mühitinin inkişafını və cəmiyyətdə məlumat təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn təlim kursu təqdim edilir.

Əsas hədəflər:

  • Media savadlılığı bacarıqlarının artırılması
  • İnformasiyanın düzgün şəkildə axtarılması və təhlil edilməsi
  • Cəmiyyətdə informasiya təhlükəsizliyinin təmin olunması
  • Dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi
  • Tənqidi düşünmə bacarığının inkişafı

 

Alətlər toplusu (toolkit) haqqında 

“Media savadlılığı” alətlər toplusu (toolkit) rəqəmsal mühitdə məsuliyyətli vətəndaşlığı təbliğ etmək, yayılan müxtəlif dezinformasiyaların  qarşısını almaq, bu sahədə fərqindəliyi artırmaq və sosial şəbəkələrdə aktivliyi təmin etmək üçün saxta informasiyanın müəyyənləşdirilməsi və ona qarşı mübarizə üsullarının əks olunduğu resursdur. 

Alətlər toplusu (toolkit)

Media savadlılığı niyə önəmlidir?

21-ci əsrdə media savadlılığının həyati bacarıq kimi qiymətləndirilməsi təəccüblü deyildir. Belə ki, informasiya axınının sürətlə artdığı müasir dövrdə cəmiyyətdə informasiyanın etibarlılığını müəyyən etmək üçün düzgün bacarıqların inkişaf etdirilməsi başlıca amillərdəndir. Müasir media məkanında “informasiya bolluğu” olan bu dövrdə hər bir istifadəçi gündəlik olaraq bir çox suallarla qarşılaşır, bu şəraitdə düzgün, dəqiq, qərəzsiz məlumatlar əsasında qərar vermək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlı olmağa xüsusi ehtiyac yaranır. 

Müşahidələr göstərir ki, qlobal media təkcə oxu bacarıqları ilə məhdudlaşmır, daha geniş perspektivdə qəbul edilən informasiyaya tənqidi yanaşmaq, media mesajlarını anlamaq kimi mühüm bacarıqları da özündə ehtiva edir. Çünki yeni media məkanında istifadəçilər yalnız məlumat istehlak etmir, həm də istehsal edirlər.

Media savadlılığının təsviri

“Media haqqında” Azərbaycan Respublikası Qanununa əsasən media savadlılığı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyətidir. Nəzəri baxımdan isə media savadlılığı bütün kommunikasiya formalarından və texnologiyalarından istifadə etməklə səmərəli şəkildə kütləvi informasiyanın axtarılması, təhlil edilməsi, tənqidi qiymətləndirilməsi, eləcə də müxtəlif məlumatların paylaşılması bacarıqlarından ibarətdir.

Rəqəmsal əsrdə cəmiyyətin media və informasiya haqqında tənqidi düşünmək üçün zəruri bacarıqları mənimsəməsini təmin etmək, şübhəsiz ki, dövrümüzün prioritetlərindən biridir. Buna görə də, media savadlılığının artırılmasının məqsədi məlumat istehsalı və istehlakı proseslərində savadlılıq anlayışının müasir dövrün tələblərinə uyğunlaşdırılmasını təmin etmək və cəmiyyətin dayanıqlı inkişafını gecikdirən yalan və çaşdırıcı məlumatlarla mübarizə aparmaqdır. Media savadlılığı istiqamətində nəzəri biliklərin artırılması üçün bu anlayışı təsvir edən açar sözlərə diqqət etmək vacibdir. 

  • media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti;
  • onlayn media – audiovizual media və çap mediası istisna olmaqla, mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
  • media savadlılığı – kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti;
  • dezinformasiya – auditoriyanı aldatmaq və ya çaşdırmaq məqsədilə qəsdən yaradılan və paylaşılan yalan və ya manipulyasiya edilmiş məlumatdır;
  • feyk nyus –  faktlara söykənməyən, uydurma və şəxslər tərəfindən təsdiqi olmayan xəbər;
  • kibertəhdid – informasiya sistemlərinə və ya ehtiyatlarına qanunsuz daxilolma, müdaxilə, habelə digər formalarda informasiya təhlükəsizliyinin pozulmasına səbəb ola bilən amil və ya vəziyyət.

Daha ətraflı

Test
1. Aşağıdakılardan hansı kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti mənasını verir?
2. Hansı variant doğrudur?
3. Hansı yaş kateqoriyasında olan şəxslərin media savadlı olması zəruridir?
4. Media savadlılığı bizə nə qazandırır? (doğru variantları seçin)
5. Auditoriyanı aldatmaq və ya çaşdırmaq məqsədilə qəsdən yaradılan və paylaşılan yalan və ya manipulyasiya edilmiş məlumat nədir?
Mediada istehsalçı və istehlakçılar

Müasir informasiya cəmiyyətinin məlumat ehtiyaclarının artması və onların ötürülməsi üçün müxtəlif yeni məcraların yaranması nəticəsində son illərdə bu istiqamətdə olan informasiya tələbatı və təminatı nəzərəçarpacaq dərəcədə artmış və müxtəlifləşmişdir. 

Mediada məzmun istehsalçıları və istehlakçıları kimi nəzərdə tutulan “media auditoriyasi” anlayışı media prosesinin mühüm hissəsidir. Media istehsalçıları informasiyanın dərc olunması və (və ya) yayımlanmasını həyata keçirən fiziki və ya hüquqi şəxs, media istehlakçıları isə kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını qarşılamaq üçün mediadan istifadə edən fiziki və ya hüquqi şəxs kimi təsvir oluna bilər.

Müasir dövrdə mediadan istifadə ilə bağlı əsaslı qərar qəbul etmək, mediadan və yeni texnologiyalardan istifadənin etik nəticələrini başa düşmək və ya məlumatları təhlil etmək bacarıqlarına malik media istehlakçılarının olması həm ictimaiyyətin düzgün məlumatlanmasında, həm də sağlam media mühitinin formalaşmasında xüsusi rol oynayır. Media savadlılığının artırılması yalan və ya yanlış məlumatların fərqləndirilməsinə, zərərli və qeyri-qanuni onlayn məzmunun müəyyən edilməsinə və onlara qarşı mübarizəyə, həmçinin media plüralizminə və müxtəlifliyinə töhfə verir. 

 

Media məzmunu istehlakçılar tərəfindən fərqli qiymətləndirilir, çünki:

  • Mediada yer alan mesajlar müxtəlif hədəf qruplarına hesablanır.
  • Media istehlakçıları mesajları avtomatik və tənqidi olmayan rejimdə və ya düşünülmüş şəkildə emal edirlər.
  • Hər bir şəxs təqdim edilən materialı fərdi amillər əsasında anlayır və qəbul edir. 
Media savadlılığında 5 əsas konsepsiya:

Mediada yayılan məlumatların tədqiqi media savadlılığının 5 əsas konsepsiyası (anlayışı) əsasında aparılır.

  • Müəlliflik
    Digər konsepsiyaların əsası hesab edilən bu konsepsiya mediada yayılan məlumatların reallığı əks etdirmədiyini, sadəcə müxtəlif insanlar və ya qurumların marağına uyğun olaraq təqdim edildiyini vurğulayır. İstehlakçının əldə etdiyi məlumatın bir çox proseslərdən keçərək və bir çox elementlər əlavə edilərək yekun versiyaya salındığını, bu prosesə müxtəlif qərarların təsir etdiyini nəzərə alsaq, media savadlılığı əsas məlumatları təhlil etmək bacarığıdır.
  • FormatMedia mesajlarının yazılması və çatdırılmasında hər bir istehsalçı özünəməxsus stilistikadan istifadə edir və unikal şəkildə onu auditoriyaya təqdim edir. Belə ki, bir media qurumunun eyni hadisə haqqında çatdırdığı mesajın təsiri və yaratdığı təəssürat digər bir media qurumunun eyni hadisə ilə bağlı verdiyi mesajların təsiri və yaratdığı təəssüratdan fərqlənir.  Media mesajlarının yaradılması və çatdırılması prosesində istifadə olunan texniki alətlər onların üslub və tərzinə birbaşa təsir göstərir.
  • Hədəf auditoriya
    Bütün media mesajları müxtəlif hədəf auditoriyalara hesablanır. Media bizə böyük ölçüdə reallığın təsvirini təqdim etsə də, hər bir şəxs təqdim edilən təsviri fərdi amillər əsasında anlayır və qəbul edir. Bu amillərə şəxsi ehtiyaclar, mədəni, etnik və ya ailəvi identiklik, günlük qayğılar və digərlər amillər daxildir. 
  • Məzmun
    Bütün media məzmunlarında müxtəlif məsələlərlə bağlı açıq və ya üstüörtülü şəkildə ideoloji mesajlar ötürülür. İstehlakçı birbaşa və açıq ötürülən mətnin mənasını asanlıqla müəyyən edə bilsə də, fərqli mənalar ifadə edə bilən dolayı və gizli ötürülən mətn istehlakçının dərhal nəzərindən qaçır. 
  • Məqsəd
    Əksər informasiyalar mənfəət və yaxud güc əldə etmək üçün hazırlanır. Media savadlılığının məqsədi kommersiya münasibətlərinin mediada istehsal edilən və yayılan məzmuna necə təsir göstərə biləcəyi barədə məlumatlılığı təşviq etməkdir. Unutmayaq ki, media istehsalının əksəriyyəti biznes predmetidir və buna görə də gəlirli olmalıdır. 
Mediada istehsalçı və istehlakçıya yönəlmiş 5 əsas sual:
  • İstehsalçı:
    1. Hansı informasiyanın müəllifi qismində çıxış edirəm? 
    2. Təqdim etdiyim informasiya özündə texnoloji yenilikləri və yaradıcılığı əks etdirirmi? 
    3. Təqdim etdiyim informasiya auditoriya üçün cəlbedicidirmi?
    4. Məqsədimi effektiv şəkildə çatdıra bilirəmmi?
    5. Dəyərləri və müxtəlif baxış bucaqlarını aydın əks etdirməyi bacarırammı?
  • İstehlakçı:
    1. İnformasiya kim tərəfindən yaradılır?
    2. İnformasiyanın diqqət cəlb etməsi üçün hansı texnika və üsullardan istifadə edilir?
    3. İnformasiya müxtəlif insanlar tərəfindən necə qəbul edilir?
    4. İnformasiya hansı mesajı ötürür?
    5. Bu mesajlarda dəyərlər, həyat tərzi və müxtəlif baxış bucaqları nəzərə alınırmı?

Sosial mediada təhlükələr

Sosial medianın sürətli inkişaf etdiyi dövrdə məzmun yaratmaq və paylaşmaq bacarığı hər bir fərd üçün bir çox yeni imkanlar, eyni zamanda risklər yaratmaqdadır. Sosial media savadlılığı istehlak edilən sosial media məzmunlarına tənqidi yanaşmanın sərgilənməsi, mənbələrin təhlili, sosial medianın potensial təsirlərini nəzərə alaraq məsuliyyətli paylaşımların edilməsi kimi bacarıqları əhatə edir. 

Dezinformasiya və onunla mübarizə ilə bağlı beynəlxalq təcrübə göstərir ki, onlayn resursların fəal istifadəçiləri olan və həssas istifadəçi qrupu hesab edilən yeniyetmə və gənclər dezinformasiyanın hədəfi olmaqla yanaşı, yanlış informasiyanın yayılmasında da bilavasitə rol oynayır. Araşdırmalar göstərir ki, uşaq və gənclər çox hallarda xəbərin gerçək və ya yalan olduğunu mühakimə etmək üçün lazım olan tənqidi bacarıqlara malik olmurlar. Mövcud reallıqdan çıxış edərək bu qənaətə gəlirik ki, dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi, faktların yoxlanması təşəbbüslərinin təşviq edilməsi və onlayn mühitdə məsuliyyətli rəqəmsal vətəndaşlığın inkişaf etdirilməsində gənclər kritik müttəfiqdirlər.

Sosial medianın günümüzdə bu qədər aktual olmasını nəzərə alaraq, istifadəçilərin sosial mediada mövcud olan risklərlə bağlı fərqindəliyini artırmaq və onun mənfi təsirləri azaltmaq məqsədilə müəyyən anlayışlarla tanış olaq:

Kiber zorakılıq informasiya texnologiyalarından istifadə etməklə sosial mediada, oyun platformalarında, proqramlarda və s. bir fərdə və ya qrupa, fiziki və ya hüquqi şəxsə qarşı edilən və ya mənəvi zərər vermə davranışlarının ümumi halı kimi təsvir edilir. Kiber zorakılıq aşağıdakı yollarla baş verə bilər:

Təcrid - virtual aləmdə bir qrup insan tərəfindən kiber zorakılıq göstərilərək kənarlaşdırılmaq;

İstismar - zərər vermək məqsədi daşıyan təhqiredici və ya hədələyici onlayn mesajlar göndərmək;

Açıqlama - utandırmaq və ya alçaltmaq üçün bir şəxs haqqında həssas və ya şəxsi məlumatları icazəsiz onlayn paylaşmaq;

Kiber təqib (stalking) - naməlum şəxs tərəfindən hədəf şəxsin onlayn fəaliyyətini addım-addım izləmək və məlumat toplamaq;

Təqlid - şəxsin sosial media hesablarını ələ keçirdikdən sonra onun adından uyğun olmayan paylaşımlar etmək.

Etibarlı mənbə axtarışı

Media savadlılığı bacarıqlarına sahib insan istehlak etdiyi media məzmunu haqqında tənqidi düşünməli, paylaşımlarının cəmiyyətə göstərə biləcəyi təsir və nəticələri müəyyən etməli və məlumatın yayımlandığı mənbələri təhlil etməyi bacarmalıdır. Müasir dövrdə hər hansı bir informasiya əldə etmək üçün insanlar ilk addım olaraq internetdə axtarış aparır və bəzən axtarış nəticəsində yanlış məlumatlar əldə  edirlər. Buna görə də, məlumatların etibarlılığını yoxlamaq üçün mənbənin etibarlı olub-olmamasını təyin etmək əsas amillərdəndir. 

Aşağıda göstərilən müxtəlif meyarlar əsasında mənbənin etibarlı olduğunu və ya olmadığını yoxlamaq mümkündür:

  • Sayt nə vaxtdan fəaliyyətə başlayıb? Məlumatlar tez-tez paylaşılır və yenilənirmi?
  • Saytda paylaşılan məlumatların mənbələri göstərilibmi, əlavə olunmuş linklər işləyirmi?
  • Saytda istifadəçilər üçün əks əlaqə imkanları yaradılıbmı? İstifadəçilərin sayt və paylaşılan məlumatlar  haqqında fikirləri və şərhləri nələrdir?
  • Saytın məxsus olduğu şəxs kim(lər)dir? 
  • Sayt hansı məqsədlə məlumat paylaşır?
  • Məlumatı paylaşan şəxs bu sahədə nə qədər təcrübəlidir?
  • Saytın ünvanı qeyd olunubmu?
  • Saytın texniki tərtibatı düzgündürmü?
Saxta xəbərlərin aşkarlanması üçün alət və texnikalar

Test
1. Media savadlılığının konsepsiyası hansıdır?
2. “Bütün media mesajları müxtəlif hədəf qruplara hesablanır” ifadəsi hansı konsepsiyaya uyğundur?
3. Kiber zorakılıq hansı yollarla baş verir?
4. Mənbənin etibarlığını müəyyənləşdirən sual hansıdır?
5. İstehlakçıya yönəlmiş sualları seçin
6. Etibarlı xəbər mənbələrinin olması niyə vacibdir?
7. Media savadlılığında açar sözlər hansılardır?
Əvvəlki
Sonrakı