“Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı şəhərində görüş keçirilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində Şamaxı şəhərində görüş keçirilib.
Görüşdə Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və “Regional İnkişaf” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Qasımlı tədbir iştirakçılarını salamlayaraq belə təşəbbüslərin gənclərin media bacarıqlarının inkişafına, informasiya cəmiyyətində onların iştirak imkanlarının genişlənməsinə və milli mətbuat ənənələrinin qorunması və təşviqinə əhəmiyyətli təsir göstərirdiyini qeyd ediblər.
Daha sonra Media və kommunikasiya üzrə beynəlxalq ekspert Tiffani Bell təlim keçərək süni intellektin yalan və manipulyativ məzmun yaratma imkanlarının informasiya təhlükəsizliyinə yeni çağırışlar formalaşdırdığını və gənclərin ayırdetmə bacarıqları ilə məlumatların etibarlılığını yoxlama vərdişlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.