Tədris ili ilə məhdudlaşmayan savadlılıq - Media savadlılığı

Tedris ili ile mehdudlasmayan savadliliq - Media savadliligi

“Media savadlılığı” ADA Universitetində kommunikasiya və media üzrə dərs deyən müəllim kimi mənim peşəkar həyatımın bir hissəsidir. Fərdi həyatımın isə, demək olar ki, hamısı. Və mən belə bir iddiadayam ki, tək  mənim deyil, sizin də həyatınızın əsas hissəsi olmalıdır.

“Savadlı olmaq” nə deməkdir? Tarixən bu söz yazıb-oxumağı bacarana şamil edilirdi. Lakin bugünün kontekstində “savadlı olmaq” üçün yalnız bunlar kifayət deyil. Bizim həyatımıza əsas bacarıqlarımıza çevrilən bir çox qabiliyyətlər daxil olub və onların siyahısı günü-gündən artır, çünki informasiya texnologiyalarının həyatımıza müdaxiləsi dünyamızı sürətlə dəyişməkdə davam edir.

Bu baxımdan “savadlılıq nə deməkdir?” sualına cavab artıq daha genişdir. Mənim üçün təyini ən uğurlu şəkildə verənlərdən biri  amerikalı futuroloq, yazıçı Olvin Toffler idi. O, hələ 1970-ci ildə yazdığı “Gələcəyin Şoku” kitabında bildirirdi ki, 21-ci əsrin savadsızları yazıb-oxumağı bacarmayanlar deyil, öyrənməyi bacarmayanar olacaq.

Bugünlərdə öyrənmə prosesimizin çox hissəsi qeyri-fomal şəkildə, yəni sinif otağından kənarda baş verir. Bu öyrənmə payında internetin, xüsusilə də, sosial medianın artan rolu var. Məhz buna görə, media savadlılığı bugünümüzün yeni elementar bacarığına çevrilir.

“Media savadlılığı nədir?” sualına ən sadə cavab belədir: mediada qəbul etdiyimiz məlumata tənqidi düşüncə ilə yanaşmaq bacarığı və yaxud hər oxuduğumuzu, gördüyümüzü, eşitdiyimizi sağlam şəkildə sorğulamaq bacarığı.

Media savadlılığı bacarıqdan əlavə müasir dünyada inkişaf edə bilmək, əsaslandırılmış qərarlar qəbul etmək və cəmiyyətə müsbət təsir göstərmək üçün vacib şərtdir.

Gəlin açıq etiraf edək. Onlayn müzakirələrdə cəmiyyətimizdə baş verən hadisələrə əsas münasibət kinayə və lağlağı formasında ifadə olunur. Bunların heç biri ictimai məsələlərin həllində vətəndaşın faydalı töhfəsini formalaşdıran xammal deyil. Kinayə və lağlağı sorğulayıcı yanaşmanı əvəzləyə bilməz. Sorğulayıcı yanaşmanın formalaşması isə media savadlılığının bərqərar olması üçün əsasdır. Burada məlumatın faktlara əsasən yozulması ilə baxışlarınızdan fərqli olan mövqelərə tolerantlıqla yanaşma vəhdət təşkil etməlidir.

Media savadlılığı qəbul etdiyimiz məlumatda tək məzmunun quruluşunu deyil, həm də onun istehlakının nəticələrini təhlil etmək bacarığıdır.

Media məlumatlarını dörd müxtəlif aspektən təhlil edə bilərik. Əslində, bu dörd süzgəcdən birini belə tətbiq etsək, kifayətdir. Yetər ki, ən azı birinin əsasında məlumatı sorğulayaq:

- Məntiqi baxımdan nə qədər dəqiqdir?

- Hansı emosional yükü daşıyır?

- Vizual olaraq estetik tərtibatı necədir?

- Çatdırdığı dəyərlər nədən ibarətdir?

Bu müxtəlif süzgəclərdən keçirilən məlumat sonda mesajı göndərənin doğru niyyət və məqsədini üzə çıxarır.

Bunu bir misalda nəzərdən keçirək: ehtimal edin ki, qarşınıza az bir zamanda sürətlə çəkinin itirilməsinə kömək edən dərman, qida və ya atletik proqram reklamı çıxıb. Bunu “media savadlılığı süzgəcləri”ndən istifadə edərək təhlil edək: məlumatın məntiqi dəqiqliyi, emosional dəqiqliyi, vizual estetik tərtibatı, çatdırdığı dəyərlər yükü.

Sorğulamağa başlayaq.

Məntiqi dəqiqlik:

Təqdim edilən məlumatda təklif olunan məhsulun konkret olaraq necə işlədiyi, hansı proseslər vasitəsi ilə çəkiyə təsir etdiyi izah olunubmu?  Kim üçün nəzərdə tutulub və ya əksinə, kimin üçün əks göstərişdədir?

Emosional dəqiqlik:

Təqdim edilən məlumat bizdə hansı emosiyaları yaratmaq məqsədi daşıyır - dərmanı qəbul etsək, bütün çəki ilə bağlı problemlərdən qurtulacağıqmı, xoşbəxt insan olacağımızı vəd edirmi?

Vizual tərtibat:

Təqdim olunan məlumat vizual olaraq necə tərtib olunub? Dərman qəbuluna qədər insanlar artıq çəkili, depressiv, amma sonradan formada və təbəssümlü görünürlər? Dərmandan razı qalanlar arasında nə qədər etimadlı həkim və ya idman üzrə mütəxəssislər var?

Dəyərlər yükü:

Bu məlumat bizə nə “deməyə” çalışır - artıq çəkili olmaq qəbahətdirmi? Xoşbəxt olmaq üçün arıq olmaq şərtdirmi?

Beləliklə, bütün bu sorğulamaların nəticəsində özümüz üçün aydınlaşdıra bilərik - təklif edilən məzmun doğurdanmı faydalıdır və bizim hisslərimizdən sui-istifadə edib, biznes fürsətinə çevirmək cəhdi deyil?

Sonda onunla bitirim ki, həyatda xoşbəxtlik daim öyrənməkdən gəlir. Çünki savadlı insanlar daha çox bilən və bu biliklər hesabına həyatlarında qərarlarını daha düzgün şəkildə qəbul edənlərdir.

Media savadlılığı bizi mediadan çəkindirməyə deyil, ondan daha düzgün istifadə etməyə yönəlib. Bu, tədris ili ilə məhdulaşmayan, bizi davamlı olaraq tənqidi sorğulamağa çağıraraq fərqli baxış bucaqlarını anlayıb, onlara tolerant yanaşmağa dəvət edən bacarıqdır.

Media savadlılığı bizi mediadan çəkindirməyə deyil, ondan daha düzgün istifadə etməyə yönəlib. Bu, tədris ili ilə məhdudlaşmayan, bizi davamlı şəkildə məlumatları sorğulamağa çağıran, fərqli baxış bucaqlarını anlayıb, onlara tolerant yanaşmağa dəvət edən bacarıqdır.